Mayın 2-dən 6-dək Türkiyənin İzmir şəhərində Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək.
NTV xəbər verir ki, “Azərbaycan Günləri” başlığı altında keçiriləcək tədbirlər çərçivəsində aprelin 28-də İzmirdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb. Sərgidə rəssamlarımızın müxtəlif mövzularda 38 əsəri nümayiş etdirilir. Mayın 5-də sərginin rəsmi açılış mərasimi keçiriləcək.
“Azərbaycan Günləri” münasibətilə mayın 2-də dünyaşöhrətli sənətkar, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın birgə konsert proqramı təşkil ediləcək.
“Azərbaycan Günləri” silsiləsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçiriləcək.
Bundan əlavə, şəhərdə təşkil edilən Turan Festivalı çərçivəsində “Azərbaycan Film Günləri”nin keçirilsi də nəzərdə tutulur.
Türkiyənin və Azərbaycanın iş adamlarının görüşü ilə davam edəcək tədbir geniş konsert proqramı ilə yekunlaşacaq.
Tədbirlər Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi, İzmir Böyükşəhər Bələdiyyəsi və İzmir Azərbaycan Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, Bakı ilə İzmirin qardaşlaşması ilə bağlı qərar 1986-cı il aprelin 29-da imzalanıb.
