Avropa ölkələrinin bir qismi Yunanıstanın qərarını nümunə götürərək britaniyalılar üçün sərhəd nəzarətini sadələşdirməyə hazırlaşır.
NTV xəbər verir ki, bununla bağlı yayılan məlumata görə, bu addım hava limanlarında yaranan uzun növbələrin və gecikmələrin qarşısını almaq məqsədi daşıyır.
Bildirilib ki, Yunanıstan biometrik yoxlamaları müvəqqəti olaraq tətbiq etməmək qərarı verib və britaniyalı sərnişinlər üçün daha sürətli keçid prosedurları tətbiq olunur.
Məlumata görə, Avropa İttifaqında tətbiq edilən yeni giriş-çıxış sistemi sərhəddən keçən qeyri-ittifaq vətəndaşları üçün əlavə yoxlamalar, o cümlədən üz skanı və barmaq izi tələb edir və bu, bir sıra hava limanlarında ciddi sıxlığa səbəb olub.
Vurğulanıb ki, bəzi ölkələr bu sistemin yaratdığı çətinlikləri nəzərə alaraq daha çevik yanaşma tətbiq etməyi nəzərdən keçirir. Xüsusilə turizm mövsümündə sərnişin axınının artması belə qərarların aktuallığını artırır.
Bildirildiyinə görə, Xorvatiya kimi bəzi ölkələr də Yunanıstanın addımını təkrarlaya biləcəklərini istisna etmir.
Qeyd olunur ki, bu tendensiya davam edərsə, Avropada sərhəd nəzarəti qaydalarının tətbiqində daha elastik yanaşmaların yayılması mümkündür.
