Belçika hökuməti “Engie” şirkətinə məxsus “Doel” və “Tihange” atom elektrik stansiyalarının (AES) dövlət tərəfindən satın alınması üçün danışıqlara başlayıb.
NTV xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Bart De Vever sosial media hesabında bildirib.
O qeyd edib ki, Belçika hökuməti və “Engie” atom elektrik stansiyalarının tam satın alınması şərtlərini müəyyən etmək və lazımi işlərə başlamaq üçün razılığa gəliblər. Satınalma prosesi başa çatana qədər bütün istismardan çıxarma fəaliyyətləri dayandırılıb.
De Vever hökumətin ənənəvi enerji mənbələrinin idxalına daha az güvənməyi və təhlükəsiz, əlverişli və davamlı enerjiyə üstünlük verməyi seçdiyini bildirib.
Danışıqlar “Engie” və onun Belçikadakı törəmə şirkəti “Electrabel” tərəfindən idarə olunan bütün nüvə fəaliyyətlərini əhatə edir. Buraya Niderland sərhədi yaxınlığındakı “Doel” AES-də 4 və Lüksemburq sərhədləri yaxınlığındakı “Tihange” AES-də 3 nüvə reaktoru ilə əlaqəli bütün personal, törəmə müəssisələr, aktivlər və öhdəliklər daxildir. Hazırda “Doel” və “Tihange”nin hər birində 1 reaktor fəaliyyət göstərir. Bu iki reaktorun lisenziyaları 2035-ci ilə qədər uzadılıb. Digər 5 reaktor isə 2022-2025-ci illər arasında istismardan çıxarılıb. Belçika hökuməti onlardan bəzilərini yenidən işə salmağı, mövcud reaktorların ömrünü uzatmağı və ölkədə yeni nüvə potensialı yaratmağı planlaşdırır.
