Rumıniya Avropa İttifaqında nadir torpaq elementlərinin emalı sahəsində öncül mövqe tuta bilər.
NTV Rumıniya mətbuatına istinadla xəbər verir ki, ölkə bu strateji sahədə tam emal zənciri yaratmaq istiqamətində konkret addımlar atır.
Bildirilir ki, Rumıniya ərazisində Avropa İttifaqı üçün kritik hesab olunan 30-dan çox mineraldan təxminən yarısının mövcudluğu təsdiqlənib. Bu resurslar yüksək texnologiyalar, enerji keçidi, elektromobil istehsalı, müdafiə sənayesi və rəqəmsal texnologiyalar üçün vacib xammal hesab olunur.
Məlumata əsasən, nadir torpaq elementlərinin təkcə çıxarılması deyil, həm də ölkə daxilində emal edilməsi planlaşdırılır. Bu çərçivədə emal və saflaşdırma proseslərinin Rumıniyada həyata keçirilməsi ilə bağlı layihələr müzakirə olunur. Xüsusilə Feldioara sənaye zonasında mövcud infrastrukturun bu istiqamətdə istifadə edilə biləcəyi qeyd olunur.
Ekspertlər bildirirlər ki, nadir torpaq elementlərinin emalı mürəkkəb və yüksək texnoloji prosesdir. Hazırda qlobal miqyasda bu sahədə dominant mövqe əsasən Asiya ölkələrinə məxsusdur. Avropa İttifaqı isə strateji xammal təhlükəsizliyini təmin etmək üçün daxili emal gücünün yaradılmasını prioritet elan edib.
Rumıniyada belə bir emal zəncirinin qurulması ölkənin sənaye potensialını gücləndirməklə yanaşı, Avropa İttifaqının kritik minerallar üzrə asılılığının azaldılmasına da töhfə verə bilər. Bu təşəbbüs həm də yüksək əlavə dəyər yaradan istehsalın formalaşdırılması və yeni investisiyaların cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, nadir torpaq elementlərinin çıxarılması və emalı üzrə milli layihənin reallaşdırılması Rumıniyanın Avropa İttifaqında strateji xammal siyasətində aparıcı ölkələrdən birinə çevrilməsi perspektivini gücləndirir.
