Bir şəhərin monoloqu

Bir şəhərin monoloqu

Mən Şuşayam! Həmin Şuşa ki, hələ 270 il bundan öncə təməlim Pənahəli xan tərəfindən qoyulub. Yerli sakinlər “Pənahabad” adlandırsalar da məni, gözəlliyim işıq saçdığı üçün “Şişə” dedilər mənə, sonralar isə “Şuşa” oldu adım. Körpə uşaq kimi nazımı çəkdilər, böyütdülər məni. Məhəllələrimin hər birində hamam, kəhriz, qalalar, məscidlər, türbələr, mədrəsələr inşa olundu. Gözəlliyim gözqamaşdıran vaxtlarda mənə “şüşə kimidi” dedilər. Gələnlər hüsnümə şeirlər qoşub, dastanlar söylədilər. Çəmənlərimdə Vaqifin şux gözəli gəzdi, Natəvanın qəzəli də ruhunu məndən aldı. Anam Qarabağın görən gözü, döyünən ürəyiyəm mən. Bərəkətli torpağıma, gözəl hüsnümə, Çətir şəlaləmə, Topxana meşəsinə sahiblənmək istəyənlər də az olmayıb. Tarixboyu Azərbaycana göz dikənlərin ilk hədəfi də mən olmuşam. Axı mən Qafqazın cənnətiyəm. İran şahlarının, Rus imperiyası qoşunlarının hücumlarına çox sinə gərmişəm igid oğullarımla bərabər. Onlar Vətəni öz canlarından əziz tutub məni qoruyublar. Çətin günlərim çox olub, ən çətini isə dinimdən, dilimdən olmayan bir tayfanın sinəm üstə köç etməsi idi. Erməni tayfası. Onlara millət, ya da xalq demək olmaz axı. Gəldilər, yerləşdilər halalca torpağıma, mənə sahiblənməyə çalışdılar. Oğullarım, qızlarım imkan vermədi onlara, amma fürsət tapan kimi kök saldılar torpağıma. Mən qoymasam da onlar boy atıb böyüsün, sapı özümüzdən olan baltalar hesabına işğal etdilər məni, əsir aldılar. Düz 28 il 9 ay dərd çəkdim yad tapdaqda, sinəmə düşmən əsgəri ayaq basdıqca nəfəsim kəsildi. Qoynumda uyuyan şəhidlərimə divan tutulduqca ərşim göyə qalxdı. Tarixboyu sinəm üstə ucalıb düşmənə gözdağına çevrilən minarələr, hamamlar, məscidlər xarabaya çevrildikcə dabanıma od vurdular. Düşmən əsgəri Cıdır düzündə yallı gedəndə tüstüm göylərə qalxdı. Yandım, kül oldum yad baxışlarda. Bulaqlarımın gözündən axan sular qurudu məscidlərim tövləyə çevriləndə, minarələrdən azan səsi eşidilməyəndə. Vaqifimin məzarı dağıdılanda, Natəvanımın, Bülbülümün, tarixə ad salan igid sərkərdələrimin malikanələri xarabaya çevriləndə, dağlarımda düşmən var-gəl edəndə, çəmənlərimdə bitən xarıbülbülüm həsrətdən solanda: 

Əzizim qoşa dağlar,

Gedibdi huşa dağlar.

Öldü bülbül, soldu gül,

Kimsəsiz yaşa, dağlar.

-deyib ağladım. Gözüm uzaq yollarda, əzizlərimin getdiyi yerlərdə qaldı. Mən illərlə həsrət çəkdim. 28 qış gəldi, yaz keçdi, yay oldu, amma mənim baharım gəlmədi. Mən burada dondum, od tutdum, insanlarım isə uzaq diyarlarda. Ümidimi itirmədim heç vaxt. Bilirdim ki, Vətəndən pay olmaz, Vətənin oğulları məni azad edib evimə qaytaracaq. Elə düşündüyüm kimi də oldu. Ümidim həqiqətə çevrildi. Ömrünü Vətənə qurban verən oğullar bir payız günündə dumanlı, çənli bir gündə canlarını qurban verdi mənim bir ovuc torpağıma. Onların igidliyi ilə Günəş yenidən illər sonra doğuldu səmamda. Torpağım ərənlərin qanına bələndikcə layla dedim onlara. Qalx Vaqif, oyan Natəvan, Pənahəlim, igid sərkərdəm, baxın, görün kim gəlir dedim. Vətənin əsl oğulları gəlib sizin ruhunuzu azad etməyə, qanları ilə mənə can verməyə gəliblər. Şəhidlərimin ruhu ağ göyərçin olub səmamda süzüldükcə illərdir yara olan köksüm sağaldı. Onlar öz canlarını Vətənin bir ovuc torpağına qurban verib Şuşanı – sevimli şəhərlərini, arlarını, namus və ləyaqətlərini yenidən özümüzə qaytardılar. Köksümə sancılan, illərdir nəfəsimi kəsən düşmənin əski parçasını söküb ayaqlar altına atan oğullarım ürəyimə fərahlıq, sevinc gətirdi. Mən bir ovuc torpaq olmaqdan çıxmışdım artıq, Vətənimin bir parçası olmuşdum yenidən. Payızım yaza dönmüşdü. Xarıbülbül solmamışdı həmin payız, o da hiss etmişdi əsl sahibinin gələcəyini. İlin bu vədəsində qar yağardı köksümə, həmin il o da yağmamışdı. Yağıb yollarını kəsmək istəməmişdi əzizlərinin.

İki ildir ki, üzüm gülür, daha qəlbim qan ağlamır. Dincəlirəm mən artıq, dirçəlirəm, xoşbəxt görünürəm. Cıdır düzündən Qarabağ şikəstəsi, Vətəndən pay olmayır sədaları yüksəldikcə, Şuşa qalasına yaraşıq verən üçrəngli, ay-ulduzlu bayrağım dalğalandıqca ruhuma sakitlik gəlir. İgid oğullarım hüsnümə yaraşıq verir. İndi mən ilk məhəbbətinə, vüsalına qovuşan Şuşayam. Susuzluqdan, həsrətdən çat verib qanayan dodaqlarıma təbəssüm qonub iki ildir mənim. Mən həmin Şuşayam artıq, Qafqazın cənnəti, Azərbaycanın sənət beşiyi, Qarabağın tacı Şuşa, Azərbaycanın azad Şuşası, xarıbülbülün azad yurdu, abad yurdu.

Ramiyyə Əkbərova

Jurnalist

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM