Cahanı bağrına sığdıran naxışlı yurdum - Naxçıvan

Cahanı bağrına sığdıran naxışlı yurdum <font color='red'> - Naxçıvan</font>

Bəzən bütün dünyanı gəzib dolanarsan, ölkələr, qitələr, uzun məsafələr qət edərsən, uzaq yollar səni qərib ellərə atar, başqa yurdlarda özünü elə hey axtarıb tapmaq istəyərsən. Bəzən isə öz yurdunun kiçik bir parçasında bütün dünyanı kəşf edə bilməyinə heyran qalarsan. Bəlkə də bu gün bu misraları qələmə almağımda əsas səbəb elə öz yurdunu tanımadan dünyanın fərqli qapılarını açıb, bənzərsiz mədəniyyətlərlə tanış olub, möcüzəli diyarların təkrarsız maddi-mənəvi irs incilərinin sirrini çözüb, ən sonunda öz köklərinin olduğu torpaqlarda addımlamaqdır. O zaman aşkar etdiyiniz tək reallıq bütün dünyanı gəzib dolansaq da, əslində cahanın qəlbinin öz evimizdə döyündüyündən tamam xəbərsiz olmağımızdır. Yaxın günlərdə Naxçıvan Muxtar Respublikasına olan səfərimizin mənə yaşatdığı təəssürat məhz uzaqlarda özünü axtarıb tapmamaqdan yorulmayan ruhumun Vətəninin qoynunda gizlənməsi gerçəkliyi ilə üzləşməsi oldu.

Əslində, səfərin elə ilk dəqiqələrindən Naxçıvanın özünəməxsus ruhu olduğunu duya bilmişdim. Şəhərə daxil olar-olmaz Naxçıvan sanki sizə niyə memarların vətəni olmasından söhbət açıb, keçmişdən bu günə uzanan tarixi yolunu nümayiş etdirməklə dünənini unutmayan bir sabahın pıçıltısını eşitdirir. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi Möminə xatun türbəsi - Şərqin memarlıq incilərindən ən dəyərlisi, Qərbin qotika üslubunun təsirləndiyi bir orijinallığın kölgəsində işıldayan yeraltı hamamlar, saraylar, türbələr, məscidlər, əvəzsiz tikililərin salındığı və qorunub saxlandığı bir yadigar şəhər qonaqlarını bambaşqa ab-havada bənzərsiz tərzdə qarşılayır. Həndəsi ornamentlərin bəzədiyi qırmızı kərpicli tikililərin səmavi rənglərə boyanmış iftixarlı duruşu şəhərin vüqarlılığını əksiksiz nümayiş etdirir. Sanki məkanın iqlimindəki kəskinlik də insanların xarakterindəki qətiyyətlilikdən, səmimi mehribançılığın döyündüyü ürəklərdəki istilikdən, uzaq insanların doğmalığından aydın hiss olunur. Hər kəsin qızmar adlandırdığı torpaqlarda coşqun ürəklərin geniş qapıları taybatay üzünüzə açılanda haradan gəlməyinizdən asılı olmayaraq buranı doğma yurd kimi görəcəyinizdən şübhəniz olmasın. Burada qonşu, dost, qonaq belə qohum kimi qarşılanır. Çoxlarının təkəbbür adlandırdığı məğrurluğun özəyində isə qonaqpərvər qəlblərin genişliyində darlığa yer olmaması, hər işin keyfiyyətində mükəmməliyyətçilik, uzaqgörənlik və nöqsansızlıq prinsipi yatır.

Naxçıvandan bir az kənarlaşıb yaxın rayonlarını ziyarət edəndə isə sanki qısa bir zamanda dünyanın Şərq qapısından girib Qərb pəncərəsindən ətrafa boylanarkən bütün cahanı bağrına sığdıran bir ovuc qədər kiçik, bir yumruq qədər möhkəm, eyni zamanda ruhu zərif naxışlı diyarda bütün cahanı görüb, yaşayıb, başqa diyarlara bənzəməyən fərqli ruhunu duya biləcəksiniz. Ordubad rayonunun mərkəzi “Sərşəhər” meydanının tarixi küçələri Çin Xalq Respublikasının Pekin şəhərindəki qədimi dar “Hutong” küçələrini olduqca çox anımsadır. XVIII-XIV əsrlərdə Monqol hökmdarları tərəfindən salınmış bu küçələr tarixi abidələr kimi qorunaraq Pekin şəhərinin dəyişilməmiş simasını qonaqlara əks etdirən, bəlkə də, ən mükəmməl tikililərdir. Ordubad şəhərinin istər buxardan dumanlanmış havası, istərsə də köhnəliyin zənginliyindən bozarmış tikililəri bütün dünyanın sıxlıqla ziyarət etdiyi Pekinin “Hutong” küçələrini öz diyarımızda yaşatmaqdadır. Digər yandan “Şah bazarı” adlandırılan Qeysəriyyə abidəsi həm memarlıq quruluşu, həm də təqdim etdiyi Ordubad sənətinin tarixi nümunələri baxımından təkrarsız bir ləl-cəvahiratdır. Naxçıvan şəhərindən şimala Şahbuz rayonunun dəniz səthindən 2200 metr hündürlüyünə qalxsanız, Batabat gölünün ətrafındakı rəngarəng dağ landşaftı sizi qərbə Alp dağlarının qoynundakı təbiətə qonaq aparacaq. Batabat gölünün ətrafında çiçəkləyən yabanı bitkiləri Avstriya dağlarının hündürlüklərində Haslachda kök salan təkrarsız təbiətin incilərini öz yurdumuzda ayaqlarımızın altında naxışlı bir cənnət xalısı kimi sərməkdədir. Hərçənd dünyanın heç bir guşəsində Batabat gölündəki “Üzən ada”ya, şirin suyun şəffaflığına və sözün əsl mənasında, buz kimi soyuqluğun verdiyi fərahlığa rast gəlməmişdim. Elə bil dağların qoynundan axan bulaqların soyuqluğu ətrafı qarın paklığı ilə bürüyərkən yay fəslində qışın sərin mehini əsdirib ruhumuzu ətrafın sükutu oxşayır. Doğrusu, qızmar adlanan Naxçıvan sizi üşüdüb donduracaq qədər də təkrarsız bir təbiətə sahibdir. Dünyada çox nadir rastlanan Duzdağ Fizioterapiya Mərkəzinə daxil olan kimi, nəfəs yollarındakı ağırlığın yüngülləşməsi aydın hiss edilir. Keçmişə qayıdıb mağaralarda yataq salan ziyarətçilər elə bil ana təbiətin qoynunda öz cövhərlərinin axtarışına yollanırlar. Təbiətin möcüzələrinə inananların növbəti dayanacağı isə Əshabi-Kəhf ziyarətgahıdır. Əslində, bu məkana addımınızı atmamış nəhəng daş parçalarının əzəməti artıq sizi möcüzəli bir hissin içinə alır. İordaniyanın 4 min il əvvəl inşa edilmiş Petra şəhərinə zahiri oxşarlığı, qırmızı-çəhrayı nəhəng qayaların və mağaraların yerləşdiyi müqəddəs Əshabi-Kəhf ziyarətgahı bizi Naxçıvanın Culfa rayonundan uzaqlara - Ərəbistan yarımadasındakı səhralara aparır. Doğrusu, xarici oxşarlıqla yanaşı Petra şəhərini Nəbatilərin inşa etməsi faktını nəzərə alsaq və bu xalqın Nuh peyğəmbərlə bağlılığını göz önündə tutsaq, həqiqətən bütün dünyaya açılan qapının məhz Naxçıvanda yerləşdiyini iddia edə bilərik. Demək ki, Naxçıvanı “Nuh diyarı” adlandırmağı bir rəvayət deyil, artıq isbatını tapmış gerçəklik kimi görməyin zamanıdır.

Doğma yurdumuzun uzaq diyarlara bənzərliyi və eyni zamanda özünəməxsusluğunu qoruyub saxlaması dövrümüzdə nadir tapılan bir ahəngi bütün varlığımıza yaşadır. Odur ki, Şərqin qədim memarlığının günümüzdə yaşadığı, qərbin təbiət nəfəsinin duyulduğu, İslamın müqəddəsliyinin qorunduğu bu əvəzsiz torpaqların həqiqi dəyərini bilməli, onun keçmişini qorumalı, gələcək nəsillərə miras qalması üçün bütün dünyada lazımınca tanıdılması zəruridir. Gündən-günə müasirləşib maddiləşən dünyanı yeniliklərin təəccübləndirmədiyi gerçəkliyini qəbul edib, keçmişimizin mülkü Naxçıvanın naxışları - bir-birindən dəyərli milli-mədəni və mənəvi irs nümunələrinə sahib çıxmalı və beynəlxalq miqyasda təqdimatını doğru və dolğun şəkildə yerinə yetirməliyik. Bu diyarı yalnız qonşu ölkələr yaxınlığına görə deyil, uzaq şəhərlərin sakinləri də yaşatdığı dəyərlərə görə ziyarət etməlidir. Məhz bu səbəbdən, ölkə xaricində Naxçıvanın tanıtımı məqsədilə layihələr, yeni turizm marşrutları, həmçinin yerli sakinlər arasında maarifləndirici tədbirlər planı hazırlanmasına ehtiyac duyulur. Başlıca olaraq, memar və rəssamların vətəni olan Naxçıvanda fəaliyyət göstərən milli-mənəvi irs daşıyıcıları olan sənətkarların təbliğini və təşviqini irəli sürmək məqsədilə layihə konsepsiyası hazırlanmağa başlamaqdadır. Daha sonra Beynəlxalq Turizm sərgilərində Naxçıvanın fərqli prizmadan nümayiş etdirilməsi olduqca zəruri olacaqdır. Bu məqsədlə Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyası ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti arasında əməkdaşlıq əlaqələri artıq qurulub və genişləndirilməsi üçün birgə layihələr planlaşdırılmaqdadır.

 

Türkay Qasımzadə (Şah Selimi Türkay)

Azərbaycan Mədəni İrsin Qorunması və Turizmə Dəstək Assosiasiyasının sədri,

“Queen Mary University of London”da iqtisadi araşdırmaçı

Xəbər lenti
Çox oxunan xəbərlər