Naxçıvanda gömrük orqanlarında xidmətə qəbul üçün test imtahanları keçirilir

Naxçıvanda gömrük orqanlarında xidmətə qəbul üçün test imtahanları keçirilir

Muxtar respublikada müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən dövlət qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi, kadr ehtiyatının yaradılması üçün mütəmadi müsabiqələr elan olunur. Buna uyğun olaraq gömrük orqanlarının kadr ehtiyacına olan tələbatının ödənilməsi və vakant yerlərin komplektləşdirilməsi məqsədilə vaxtaşırı müsabiqələrin keçirilməsi də davam etdirilir. Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, elan olunmuş müsabiqəyə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə xidmətə qəbulla əlaqədar vakant vəzifələrin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş müsabiqənin test imtahanlarına start verilib.

Müsabiqəyə çıxarılan 10 vakant inspektor vəzifəsinin tutulması üçün 112 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədlərin biliklərinin yoxlanılması üçün qanunvericilik üzrə 100 sual təqdim edilir. Sualları cavablandırmaq üçün isə  2 saat vaxt ayrılır. İmtahanda obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. İmtahanda 80 və daha çox bal toplamış namizədlər test mərhələsindən keçmiş hesab olunacaq. Test imtahanlarında keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının müşahidəçi kimi iştirak etdiyi test imtahanlarının nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dim.nmr.az) tanış olmaq olar.

Qeyd edək ki imtahanlar mayın 26-da yekunlaşacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM