satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur

Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur

Azərbaycanda sosial media platformalarına qoşulma yaşının 16-dan başlanması təklif olunur.

NTV xəbər verir ki, təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, layihənin başlıca məqsədi 16 yaşına qədər uşaqları sosial şəbəkə platformalarının zərərli təsirlərindən fiziki və psixoloji sağlamlığını mühafizə etməkdir:

"Həmçinin müxtəlif cür sövq və təhrik edici, hətta intihara, cinsi istismara çağırışlar, alçaldıcı (bulinq) təhdidlərdən qorumaq üçün uşaqların yetkinlik dövrünədək sosial şəbəkə platformalarından istifadəsinin təxirə salınmasıdır. Yəni, Azərbaycanda sosial media platformalarına qoşulma yaşı 16-dan başlanması təklif olunur. Göründüyü kimi, əsas məram müdafiə tədbiridir, valideynlərin və ailə institutunun təhlükəsizliyini qorumaqdır. Ona görə də layihənin məqsədini düzgün təqdim etmək çox əhəmiyyətlidir".

Deputat qeyd edib ki, layihədə 16 yaşını tamam etməmiş şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açması təxirə salınır. "Yeni norma Azərbaycanın rəqəmsal siyasətinin ən fundamental addımlarından biridir. Platforma provayderləri yoxlama mexanizmlərini – bank kartı, elektron poçt, mobil nömrə əsaslı yaş doğrulama üsullarını – məcburi surətdə tətbiq etməli olacaqlar".

Zahid Oruc bildirib ki, 16-18 yaş qrupu üçün isə tamamilə fərqli – daha çevik, lakin nəzarətli bir mexanizm müəyyən edilib:

"Bu yaş qrupundakı yeniyetmələr platformada hesab yarada bilər, lakin yalnız qanuni nümayəndələrinin – valideynin – açıq razılığı ilə. Qanun layihəsində 16-18 yaş arası uşaqların fərdi hesablarında sonsuz sürüşdürmə, avtomatik video oynatma kimi manipulyativ dizayn texnikalarından istifadəyə yol verilmir. Yəni, texnoloji şirkətlərə çox güclü bir tələb qoyulur: Azərbaycanda biznes etmək istəyirsinizsə, uşaqlarımızın psixologiyasını istismar etməyə ixtiyarınız yoxdur".

O həmçinin bildirib ki, layihə, yaş yoxlama məqsədi ilə toplanan fərdi məlumatların – bank kartı, e-poçt, mobil nömrə məlumatlarının – kənar şəxslərə ötürülməsini, kommersiya məqsədi ilə istifadəsini qəti qadağan edir.

"Provayderlərin hər il yanvarın 15-dək dövlət qurumlarına hesabat təqdim etməsi tələbi məsuliyyətin institutsional formada qoyulması deməkdir. Şirkətlər artıq Azərbaycandakı fəaliyyətlərini gizlədə bilməyəcəklər. Qanun müddəalarına riayət etməyən vəzifəli və hüquqi şəxslər cərimə ediləcəklər"

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM