satellite   Azerspace-1: 11135 H 30000

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

QMİ sədri həmvətənlərimizi Qurban bayramı münasibətilə təbrik edib, bayram namazının vaxtını açıqlayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

NTV xəbər verir ki, təbrikdə şeyxülislam İslam aləminin əziz və müqəddəs günü, Uca Yaradana ibadətin və İlahi Lütfün təcəllisi olan mübarək Qurban bayramı münasibətilə hər kəsi ürəkdən təbrik edib, hamıya Allah-taaladan səadət, rifah, xeyirli və uğurlu ömür arzulayıb.

Qeyd edib ki, bu əziz bayram müstəqillik tariximizdə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi ilə qarşılanır, ata-baba yurdlarına qayıdanlar Qarabağa yeni nəfəs, yeni həyat verirlər: “Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana sonsuz həmd-sənalar edir, Qələbənin müəllifi və sərkərdəsi, Azərbaycan xalqının böyük oğlu, adı tarixin qızıl səhifəsinə Qarabağ Fatehi kimi yazılan Ali Baş Komandan İlham Əliyevə xeyir-dualar diləyirik! Ulu Öndər Heydər Əliyevin siyasi məktəbini şərəflə davam etdirən Prezident İlham Əliyevin misilsiz uğurlarına görə biz Azərbaycan dövlətinin gələcəyinə böyük inam və ümidlə baxırıq və inanırıq ki, Allahın köməyi ilə xalqımız öz müzəffər lideri ilə birlikdə daha böyük zəfərlərə imza atacaq”.

A.Paşazadə təbrikində, həmçinin bildirib ki, builki bayram AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən Qazılar Şurasının fətvasında qeyd olunduğu kimi, hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə mayın 27-nə təsadüf edir. Üç gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir, həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır. Hədislərdə qeyd olunduğu kimi, Qurbanın ərəfə gecəsi və bayram günü edilən duaların müstəcab olduğu zamandır. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfalar və səadət diləmək, yaşlılara və imkansızlara şəfqət göstərmək bizim vəfa borcumuzdur.

“Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən paytaxt Bakının Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində 09:00-da qılınacaq. Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun! Müqəddəs Qurban bayramımız mübarək!”, - deyə şeyxülislam bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM