Azərbaycan Respublikası uşaqların müdafiəsini, onların inkişafına şərait yaradan təhlükəsiz mühitin təmin olunmasını və inklüziv sosial siyasətin gücləndirilməsini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib.
NTV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Uşaqlar və gənclər" adlı dəyirmi masada çıxış edərkən deyib.
O bildirib ki, ölkəmizdə qüvvədə olan qanunvericilik, uşaqlara dair 2020–2030-cu illər üçün strategiya, eləcə də digər normativ-hüquqi mexanizmlər uşaqlar üçün təhlükəsiz və inklüziv mühitin yaradılmasını əsas prioritetlərdən biri kimi müəyyən edir. Eyni zamanda, şəhərsalma və ərazi ilə bağlı milli siyasət ictimai iştirakçılıq və sosialyönümlü planlaşdırma prinsiplərinə əsaslanır. Bu isə uşaqların rifahına təsir edən məsələlərin şəhər idarəçiliyində daha sistemli şəkildə nəzərə alınması üçün mühüm hüquqi baza yaradır.
Komitə sədri qeyd edib ki, WUF13 çərçivəsində Azərbaycanın təqdim etdiyi mühüm yanaşmalardan biri də insan mərkəzli yenidənqurma modeli olub. Bu isə postmünaqişə və yenidənqurma proseslərində uşaqlar və gənclər üçün təhlükəsiz, ləyaqətli və perspektivli gələcək yaratmaqdır: “Əminik ki, uşaqlar üçün təhlükəsiz şəhərlər yalnız infrastruktur layihələri hesabına qurulmur. Onlar xüsusi sosial müdafiə sistemini və bunun üçün də icma iştirakçılığının təmin olunmasını tələb edirlər".
