İşğaldan azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin olunması məqsədilə genişmiqyaslı yenidənqurma və infrastruktur layihələri həyata keçirilir.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü keçirilən “Mənzilin Sosial və İqtisadi Gücü” mövzusunda tədbirdən sonra NUHÇIXAN-a müsahibəsində səsləndirib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesi yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Paralel olaraq səhiyyə, təhsil, nəqliyyat və digər mühəndis-kommunikasiya infrastrukturlarının yaradılması da həyata keçirilir ki, bu da böyük zaman və resurs tələb edir.
“Bir yaşayış məntəqəsinin qurulması təkcə ev tikmək deyil. Buraya yolların çəkilməsi, dəmir yolu xətlərinin qurulması, məktəblərin, xəstəxanaların və digər vacib obyektlərin yaradılması daxildir. Minlərlə ailənin qayıdışı üçün bütün şərait formalaşdırılır”, — deyə o vurğulayıb.
Vahid Hacıyev qeyd edib ki, uzun illərdir doğma torpaqlarına qayıtmağı gözləyən insanlar prosesin daha sürətli tamamlanmasını arzulayırlar:
“İnsanlar illərlə bu günü gözləyiblər və təbii olaraq qayıdışın daha tez reallaşmasını istəyirlər”.
Onun sözlərinə görə, bu səbəbdən dövlət qurumları arasında çevik koordinasiya və vahid idarəetmə mexanizminin qurulması xüsusi əhəmiyyət daşıyır.
Xüsusi nümayəndə bildirib ki, yenidənqurma və qayıdış prosesinin effektiv təşkili üçün bütün aidiyyəti qurumları bir araya gətirən institusional çərçivə yaradılıb. Həmin mexanizm yaşayış məntəqələrinin planlaşdırılması, resursların bölüşdürülməsi və layihələrin icrasını koordinasiya edir.
O əlavə edib ki, son illərdə görülən işlər məhz bu koordinasiyalı yanaşma əsasında həyata keçirilir və proses mərhələli şəkildə davam etdirilir.
