İgid oğul düşmənə boyun əyməz

İgid oğul düşmənə boyun əyməz

1980-ci illərin sonu 1990-cı illərin əvvəllərindən başlayaraq ermənilərin Azərbaycana torpaq iddiaları və təcavüzkar hücumları intensivləşirdi. Belə bir vəziyyətdə vətənini darda qoymayıb, düşmənlə mübarizəyə qatılan igid oğullardan biri də Şikar Aslanovdur.

Torpaqlarımızı quldur düşməndən qoruyub, cəsarət və şücaət göstərib, xalqın qəhrəman oğlu adını qazanan Şikar Aslanov 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olub. Süleymanlı kənd orta məktəbində təhsil alan vətən oğlu 1987-ci ildə məktəbi bitirir. Bir il sonra ordu sıralarına çağırılan qəhrəmanımız hərbi xidmətini başa vurub doğma kəndinə geri qayıdır. 1990-cı ildə Cəbrayıl Rayon Daxili İşlər Şöbəsində post-patrul bölməsində işə qəbul olunaraq əmək faliyyətinə başlayır. Qarabağ bölgəsində vəziyyətin pisləşməsi, yurdunun təhlükə altında olması vətənin igid oğlunu çox narahat edir. 1991-ci ilin son aylarında cəbhəyə yollanıb, döyüşlərə qatılan qəhrəmanımız düşmənlə ölüm-dirim mübarizəsi aparır. 1992-ci ilin iyun ayında Xocavənd rayonunun Sur kəndində düşmənin hücum mövqelərini dəqiq təyin edən qəhrəmanımız cavab atəşləri ilə qarşı tərəfi susdurur. Şikar bölgəyə tam bələd olduğu üçün təkbaşına kəşfiyyata gedib, hər dəfə də dəqiq məlumatla geri qayıdırdı. Onun bu cəsarətləri nəticəsində düşmənin bir çox hücum tədbirlərinin qarşısı alınaraq geri çəkilməyə məcbur edilib.

1992-ci il iyun ayının 2-si “Şayaq” əməliyyatı… Bu əməliyyat qəhrəmanımızın son döyüşü oldu. Başından snayper gülləsi ilə vurulan Şikar Aslanov hospitala çatdırılsa da, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur. Ali məqama yüksələn qəhrəmanımız doğulduğu Süleymanlı kəndində dəfn edilir.

Torpaqlarımızın bütövlüyü uğrunda igidlik göstərib şəhid adını qazanan Şikar Davud oğlu Aslanov Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülür. Qəhrəmanımızın adı əbədiləşdirilərək oxuduğu Süleymanlı kənd orta məktəbinə verilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM