Mərdlik və fədəkarlıq nümunəsi…

Mərdlik və fədəkarlıq nümunəsi…

Bəli, o, dövlətinə sadiq, vətənini, torpağını sevən, yurduna bağlı bir qəhrəman idi. Onun ömür səhifəsini vərəqlədikcə, sadəcə bir düşüncəyə gəlirsən, Vətəninin igid oğlu mərdliyi, fədakarlığı, vətənpərvərliyi ilə bütün xalqına nümunə olacaq bir ömür yaşayıb. Haqqında məlumat verəcəyim Azərbaycanının Milli Qəhrəmanı İsrafil Şahverdi oğlu Şahverdiyev vətənin keşiyində durub, düşmənə aman verməmək üçün 1952-ci il iyun ayının 11-də dünyaya göz açmışdır. Laçın rayonunun Unannovu kəndinin yetirməsi olan İsrafil Şahverdiyev 10 illik orta təhsilini elə doğulduğu kənddə başa vurmuşdur. Ordu sıralarına çağrılan qəhrəmanımız üç il hərbi xidmət edib, bu dövr ərzində hərbi sirlərə dərindən yiyələnmişdir. Ordu sıralarından təxris olunan İsrafil Şahverdiyev 1975-ci ildə Laçın Rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Uzun illər rayonun asayişinin qorunmasında xidmət göstərən vətənin igid oğlu bu vəzifəni şərəflə yerinə yetirmişdir.

1990-cı ildən başlayaraq bölgədə yaranan gərgin vəziyyətin qarşısının alınmasında, torpaqlarımıza göz dikən ermənilərə qarşı aparılan mübarizədə İsrafil Şahverdiyev böyük hünər, igidlik göstərmişdir. Qəhrəmanımız polis işçisi kimi Qaladərəsi kəndini keçməyə cəhd edən iki erməni casusu yaxalamış, kənd camaatının təhlükəsizliyini təmin etmişdir. Onun şücaətlərindən biri də Salatın Əsgərovanın qatillərinin ələ keçməsində böyük fədakarlıq göstərməsi idi.

Hücuma keçən düşmənin qarşısını almaq üçün 1991-ci ilin yazında Qaladərəsi kəndində planlı əməliyyatlar aparılmasında fəallıq göstərən İsrafil bölüyü ilə birgə güclü müqavimət göstərərək düşməni geri çəkilməyə məcbur edir.  

1992-ci il sentyabr ayının 19-dan noyabr ayının 17-ə kimi İsrafil öz bölüyü ilə Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərə qatılaraq düşmənə güclü zərbələr edirir. O, dəfələrlə düşmən mövqelərini öyrənmək üçün kəşfiyyata gedib, cəsarətlə düşmənin yerinin təyin edərək, onlara divan tutulmasında fədakarlıq etmişdir. Qəhrəmanımız bir çox uğurlu əməliyyatlarda iştirak etmiş, 1994-cü ildə Horadiz qəsəbəsinin düşməndən təmizlənməsində igidlik göstərmişdir. Sonra hücuma məruz qalan Füzuli rayonunun kəndlərinin müdafiəsində duran İsrafil Şahverdiyev, bölüyü ilə birgə ağır döyüşlərə qatılır. Çətinliklə də olsa, düşmən geri çəkilməyə məcbur olur. Rayonun 4 kəndi düşməndən azad olunur.

Qəhrəmanımız, bölüyü ilə birgə son döyüşə 1994-cü il yanvar ayının 13-də qatılır. Güclü hücuma keçən düşmənə əks-cavab əməliyyatlarına başlayan İsrafil bölüyü dörd istiqamatə bölərək düşmənin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edir. Durmadan hücuma keçən düşmənin mövqeyini öyrənməyə çalışaraq yaralı əsgərlərimizi qorumaq istəyən qəhrəmanımız, plemuyotu işə salarkən xain düşmən tərəfindən atılan mərmi nəticəsində ali məqama yüksəlir. Vətənin igid oğlu Bakı şəhərində, Şəhidlər xiyabanında dəfn olunur.

Üç övlad atası olan qəhrəmanımızın xatirəsi laçınlılar tərəfindən əziz tutularaq 1996-cı ildə adı orta məktəblərdən birinə verilib.

Qeyd edək ki, İsrafil Şahverdi oğlu Şahverdiyev ölkənin ərazi bütövlüyünün qorunmasında və vətən torpaqlarının işğalçılardan azad edilməsində göstərdiyi şəxsi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Ruhun şad olsun Vətən oğlu! Uğruna mübarizə aparıb, yağı düşməndən qorumağa çalışdığın vətən torpaqları dörd ildir ki, azaddır. Azərbaycanın şanlı Ordusunun həyata keçirdiyi 44 günlük uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənə layiqli cavab verilərək məğlubiyyətə uğradıldı. İndi bütöv vətənimiz, güclü dövlətimiz, müstəqil ölkəmiz var. Bütün bunları sizin kimi oğullar sayəsində qazanmışıq!

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Xəbər lenti
Unudulmayan qəhrəmanlar…

15:59 24.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM