Qəlblərdə əbədiləşən qəhrəman

Qəlblərdə əbədiləşən qəhrəman

44 günlük vətən müharibəsi ordumuzun igidlik, qəhrəmanlıq səlnaməsi oldu. Adını Azərbaycanın şərəf tarixinə yazıb əfsanəyə dönən oğullarımız əbədiyyət qazanıb, xalqın qəlbinə adlarını yazdılar. Şəhid adını qazanıb, yüksək zirvəyə yüksələn belə oğullardan biri də İbrahim Səməd oğlu Vəlizadədir.

İgidliyi ilə hər bir gəncimizə nümunə olan şəhid İbrahim Vəlizadə, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində ön sırada gedib, döyüşlərdə iştirak edən Vətənin qəhrəman oğullarından biri idi. Dilindən düşürmədiyi “Canın o torpaqdan dəyərlidirsə, üzərində gəzdiyin torpaq sənin ola bilməz!” şüarı ilə əsgərlərini döyüşə sövq edib, düşmənin başına od ələyən qəhrəmanımızın bir arzusu var idi, o da torpaqlarımızı yağılardan azad edib, üç rəngli bayrağımızı buraya sancmaq...

Qəhrəmanımız, tarixin hər dövründə igidlər, cəngavərlər yetişdirən Naxçıvan diyarının yetirməsi idi. O, 1998-ci il iyunun 11-də Şərur rayonu Vərməziyar kəndində anadan olub. Burada orta təhsil alan İbrahim ailəsindən və məktəbindən aşılanan vətənə sevgisi ilə böyüyüb. Bu sevgi onu elə uşaq yaşlarından ən şərəfli peşəni seçməyinə sövq edib. Məktəbin 8-ci sinfini başa vuran qəhrəmanımız yolunu Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Liseyinə salır. Burada dərslərini müvəffəqiyyətlə başa vuran İbrahim Vəlizadə Bakı şəhərində yerləşən Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbinə  daxil olur. Təhsil aldığı dövrdə kursantlar arasında savadı və bacarığı ilə seçilən İbrahim "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunaraq Türkiyə Respublikası Ankara şəhərində hərbi təhsil almaq üçün göndərilir. Bir il sonra təhsilini bitirən qəhrəmanımız leytenant rütbəsi alaraq “N” saylı hərbi hissədə Həmlə taborunda vətənə xidmətə başlayır. Bir il idi ki, orduda zabit olaraq xidmət edən İbrahim vətən müharibəsi başlayan zaman döyüşlərə qatılıb, Muravdağın düşməndən təmizlənməsində şücaətlər göstərib. Həmin istiqamətdə aparılan əməliyyatda itkin düşən qəhrəmanımız mərdliyi, qorxmazlığı ilə Azərbaycan xalının qəlbində vətənin qəhrəman oğlu olaraq yer tutub.

Vətənə xidmət borcunu yerinə yetirib, torpaqlarımızın azad olunmasında igidlik göstərən leytenant İbrahim Vəlizadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", “Vətən uğrunda” medalları ilə təltif olunub, 2022-ci il noyabrın birində şəhid statusu verilibdir.

Vətənin igid oğlunun xatirəsi əbədiləşdirilərək yaşadığı evin qarşısında xatirə lövhəsi asılıb. Şərur şəhər Şəhidlər xiyabanında büstü ucaldılıb, eyni zamanda Vərməziyar kənd şəhidlərinin və itkin şəhid İbrahim Vəlizadənin xatirəsinə bulaq çəkilibdir.

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM