Vətən keşiyində duran qəhrəman…

Vətən keşiyində duran qəhrəman…

Uzun zamandır haqlarında araşdırma etdiyim qəhrəmanlarımızın həyat hekayələrindən ancaq bu qənaətə gəlirəm ki, vətənin igid oğulları anadan qəhrəman olaraq doğulurlar. Öyrəndiyim məlumatlarda bütün qəhrəmanlar sanki bir amal üçün dünyaya göz açıblar, o da Vətəni qorumaq! Elə haqqında məlumat verəcəyim Yusif Mirzəyevdə bu istəklə yaşayan qəhrəmanlardan biri idi. Bildirim ki, gənc ömrünü vətənə fəda edən Azərbaycanın Milli Qəhrəmanının bu gün doğum günüdür.

Yusif Mirzəyev qəhrəmanlığı ilə bütün Azərbaycan xalqının qəlbində əbədi yerini tutan igid oğullardan biridir. O, canından, aliəsindən, körpə qızından belə çox sevirdi Vətənini… Qəhrəmanımız heç bir ədalətsizliyə göz yummayan, haqqı, düzgünlüyü özünə həyat yolu seçən vətənpərvər insan olub. Onun bütün mənliyi qeyrət, ismət,sədaqət, mərdlik, cəsurluq idi.

Yusif Mirzəyev torpağının, yurdunun bütün xarakterini özündə cəmləşdirmişdi. O, igidlər, qəhrəmanlar diyarı olan Naxçıvan torpağında, Babək rayonunun Böyükdüz kəndində 1958-ci il may ayının 23-də anadan olmuşdu. Orta təhsilini başa vuran Yusif vətənə xidmət borcunu yerinə yetirmək üçün ordu sıralarına çağrılır. Xidmətini yerinə yetirib, ordu sıralarından təxris olan qəhrəmanımız əmək fəaliyyətinə başlayaraq, ali təhsil almaq üçün hazırlaşır. O, Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna qəbul olaraq, mühasibatlıq fakültəsini bitirir. 1988-ci ildə xalq hərəkatına qoşulan qəhrəmanımız 1990-cı il hadisələrində, xalq etirazlarında da iştirak edir. Yusif Mirzəyev Bakı şəhər Komendatı tərəfindən həbs olunur. Ədalətsizliyə qarşı haqq səsini çıxaran vətənin igid oğlu etirazlarına görə həbsdə ağır işgəncələrə məruz qalır və böyrəyi zədələnir. Lakin buna baxmayaraq Yusif həbsdən çıxaraq könüllü olaraq cəbhə bölgəsinə yollanır. Goranboy və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən qəhrəmanımız döyüş bacarığı, mərdliyi ilə tez bir zamanda yoldaşlarının sevgi və hörmətini qazanır. Onun hər kəslə mehriban davranışı, səmimiyyəti əsgərlər arasında da mehribançılığa və ruh yüksəkliyinə səbəb olur. O, qısa bir zamanda olduğu taborun ən adlı-sanlı döyüşçüsü olur. On dörd nəfərlik dəstəsi ilə bir çox ağır döyüşlərdə igidlik göstərən Yusif Mirzəyevin ətrafına elə özü kimi mərd, qorxmaz oğullar toplaşır. Ən çətin və olduqca ağır olan Ağdərə döyüşlərində Yusif və bölməsinə həmin ərazini tərk etmələri tapşırığı verilsə də, qəhrəmanımız döyüşdə qalıb, son nəfəslərinəcən döyüşəcəklərini bildirir. O, döyüş qabilliyyəti ilə düşmənə elə zərbələr vurur ki, ermənilər qarşı tərəfdə böyük bir batalyonun olduğunu düşünür.

Yusif Mirzəyevin səhhətində olan narahatçılıq, onu qısa zamanlıq döyüş bölgəsindən ayırır. O, bir müddət xəstəxanada qalaraq müalicə olunur. Onun vətən sevgisi, vətənpərvərliyi həkim, şair Şahin Musağlunun mahnı yazmasına səbəb olur. Həmin mahnını çox bəyənən Yusif Mirzəyev Şəmistan Əlizamanlıdan bu mahnını ifa etməyi xahiş edir. Yusifin bu istəyini yerinə yetirən Şəmistan Əlizamanlı mahnını ifa edərək Yusif Mirzəyevə ithaf edir. Beləliklə “İgid əsgər möhkəm dayan” mahnısı cəbhələrdə əsgərlərin dilində oxunan, sevilən mahnı olur.

Müalicəsini yarımçıq qoyan Yusif Mirzəyev: “Bilirəm canım əldən gedir, amma vətən də əldən gedir” sözlərini deyərək, cəbhəyə, döyüş yoldaşlarının yanına yollanır. Qəhrəmanımızın ən böyük arzusu Xankəndini azad edib, üçrəngli bayrağımızı burada sancmaq idi. Bu yolun sonunda ölümün olduğunu bilsə də, irəli getməkdən çəkinmirdi. O, 1993-cü il 19 fevralda Ağdərə istiqamətində gedən döyüşlərdə düşmən mühasirəsinə düşən yoldaşlarını xilas etməyə çalışarkən qəhrəmancasına həlak olur. Vətənin igid oğlu Naxçıvanda şəhidlər xiyabanında dəfn olunur.

Ölümündən sonra Yusif Mirzəyev vətən torpaqlarının müdafiəsində göstərdiyi şücaətlərə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülür. Onun xatirəsi əziz tutularaq Naxçıvan şəhərində büstü qoyulmuş, Bakı və Naxçıvan şəhərlərində yerləşən orta məktəblərdən birinə qəhrəmanımızın adı verilmişdir.

“Anamı çox sevirəm, ancaq Vətəni daha çox sevirəm” - deyən xalqın qəhrəman oğlu, ruhun şad olsun! Məzarında rahat uyu! Canını qurban verdiyin Vətən torpaqları artıq azaddır. Sizin kimi igid oğullar sayəsində indi bütöv, müstəqil, güclü Vətənə, Dövlətə sahibik!

Səriyyə Salahova

NUHÇIXAN

 

 

Xəbər lenti
Qurtuluşdan zəfərə

12:08 15.06.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM