Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün...

Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün...

Ta qədimdən ölkəmizin hər bir bölgəsinin insanı vətənpərvər, əməksevər, torpaqsevər olubdur. Bunu, hər bir yurdun yetirdiyi qəhrəmanları ilə eşidib, tanıyıb, gördükcə daha da qürur duyur, fəxr edirik. Elə qəhrəmanlar yurdu adlandırdığım Culfa rayonunun Bənəniyar kəndi də bu gün igid oğulları ilə tanınan kəndlər sırasındadır...

Diqqətə çatdırım ki, 1992-1995-ci illərdə xain qonşumuz ermənilərin Qarabağ və Sədərək istiqamətində etdiyi hücumların qarşısını almağa könüllü gedənlər sırasında Bənəniyar kəndinin yetirmələri də olub. Bu gün onlar arasında sağ qalıb qazi, veteran adını daşıyanlar olsa da, sağ qayıtmayıb - Şamil Telman oğlu Hüseynov, Hüseyn Abbas oğlu Əliyev, Zakir Sabir oğlu Həsənov kimi igidlərimiz Vətəni düşməndən qoruyan zaman, Sədərək və Tərtər istiqamətlərində gedən döyüşlərdə şəhidlik məqamına yüksəliblər.

Qeyd edim ki, həmin şəhidlərdən Zakir Sabir oğlu Həsənovun bu gün doğum günüdür.

Vətənin igid oğlu Zakir Həsənov 1979-cu il aprel ayının 26-da Bənəniyar kəndində anadan olub. O, orta təhsilini həmin kənddə alaraq vətənpərvər bir gənc kimi böyüyür. Təhsilini başa vuran Zakir hərbi xidmətə çağrılır. İlk vaxtlar muxtar respublika ərazisində hərbi xidmətini edən Zakir sonralar öz ərizəsi ilə könüllü Tərtər bölgəsində xidmətə gedənlər sırasına daxil olur. Qəlbində böyütdüyü düşmənə nifrət hissi ilə ön cəbhədə xidmətə başlayan qəhrəmanımız bir neçə dəfə uğurlu döyüş əməliyyatlarında iştirak edərək igidliyi, şücaəti ilə düşmənə sarsıdıcı zərbələr endirir. 1995-ci ildə güclü döyüşlər zamanı düşmən üzərinə irəliləyərkən, Vətənin igid oğlu mina partlaması nəticəsində dünyasını dəyişir. Subay olan, 21 yaşlı qəhrəmanımız doğulduğu kəndin qəbiristanlığında dəfn olunur.

Bildirim ki, şəhidlərimizin qanını yerdə qoymayan cəsur oğullarımız kimi Bənəniyarın da igid oğulları qəlblərində böyütdükləri düşmənə nifrət hissi ilə qisas alınacaq günü gözləyiblər. Onlardan Malik Cəbiyev, Elşən İbrahimli, Yelmar Dilavərli, Hüseyn Əhmədli, Samir Nəsirov, Ülvi Əlizadə, Yəhya Məmmədli və sair qəhrəman oğullar 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində düşmən ordusuna layiqli cavab verərək, onları məğlub ediblər. Bu gün qanı yerdə qalmayan şəhidlər qarşısında bütün Azərbaycan xalqının, həmçinin Bənəniyar kəndinin vətənpərvər oğullarının başı dik, üzü ağdır… Ruhunuz şad olsun Vətən torpağına qarışan oğullar, Vətənimiz sizlər sayəsində bu gün azad və bütövdür…

Səriyyə Salahova

NUHÇIXAN

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM