Vətən sevgisindən doğan qəhrəmanlıq

Vətən sevgisindən doğan qəhrəmanlıq

Xalqımız tarixən əsrlər boyu öz müstəqilliyi və dövlətçiliyi, vətəninin bütövlüyü uğrunda şərəflə və qürurla mübarizə aparıb. Bu Vətən bizimdir! - deyib canından keçən igid və mərd oğullar dünən də olub, bu gün də var, sabah da olacaq! Belə vətən oğullarından biri də İlham Gülbala oğlu Həsənovdur. Qeyd edim ki, bu gün qəhrəmanımızın doğum günüdür. O, 1976-cı il may ayının 6-da Ağstafa rayonunun Xətai kəndində anadan olub. Uşaqlıqdan Vətənini sevən, ona xidmət etmək arzusunda olan İlham 1982- ci ildə Yenigün kənd orta məktəbinə daxil olur. Təhsil aldığı dövrdə hər zaman həbçi olmağı arzulayan vətənin igid oğlu 1993-cü ildə orta məktəbi bitirir. O, vaxt itirmədən sənədlərini hazırlayıb Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə verir. Ancaq bu arzusuna çata bilməyən İlham, ruhdan düşməyərək təhsilinə Bakı Yüngül Sənaye Texnikumunun Ağstafa filialına daxil olmaqla davam edir. Bir il sonra hərbi xidmətini etmək üçün Milli Orduya çağırılan qəhrəmanımız, Bakı şəhərində yerləşən hərbi hissələrin birində xidmətə başlayır. O, tez bir zamanda hərbi sirləri öyrənir. İlham məsuliyyətli və diqqətcil olmağı ilə əsgər və zabitlərin hörmətini qazanır. Altı ay hərbi təlim keçən İlham Həsənov 1995-ci ilin 13 martında bir qrup dövlət çevrilişinə cəhd göstərən qiyamçılara qarşı aparılan əməliyyatlarda iştirak edir. Silahlı və olduqca təhlükəli olan qiyamçı dəstə mart ayının 17-də tamamilə zərərsizləşdirilir. 4 günlük əməliyyatlarda iştirak edən İlham Həsənov vətəndaşlıq borcunu yerinə yetirən zaman qarşı tərəfin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə yüksəlir. Subay olan vətənin igid oğlu Ağstafa şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilir.

İlham Gülbala oğlu Həsənov ölümündən sonra vətən qarşısında xidmətləri ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülür. Həmçinin qəhrəmanımızın adı Ağstafa şəhərində yerləşən küçələrdən birinə verilərək xatirəsi əbədiləşdirilib.

Bəli, Vətən, torpaq, dövlət, azadlıq bu uğurda canından keçən qəhrəmanlar sayəsində var olur! Belə oğullarla xalq qürur duyur və hər zaman xatirəsini əziz tutaraq qəlblərində yaşadır.

Səriyyə Salahova

NUHÇIXAN

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM